Ana südündən ayırma problemləri həll olundu

Çətin vaxtlar

Ana südündən ayırma ilə bağlı ümumi narahatlıqlar və onların həll yolları

Körpənizi ana südündən ayırmaq həyəcanlandırıcı prosesdir, lakin onun da özünə görə çətinlikləri var. Ana südündən və ya körpələr üçün südlü qatışıqdan qatı qidalara keçmək uşağınız üçün böyük dəyişiklikdir. Buna görə də əgər körpəniz püreləri qaytarırsa və ya yeni bir qidanı yemirsə, ana südündən ayırma ilə bağlı ümumi problemləri necə həll edəcəyinizi öyrənə bilərsiniz.

Körpəm niyə davamlı olaraq yediklərini tüpürür?

Körpəniz balaca olanda boğazının arxa hissəsini qıcıqlandırdığı zaman yediyi qidaları dili ilə itələyərək çölə çıxarma refleksinə sahib olur. Buna “dil ilə itələmə refleksi” deyilir və körpəniz böyüdükcə bu refleks azalmağa başlayır. Körpəniz yediyi yeməkləri geri qaytarırsa, narahat olmayın, çünki bu, ana südündən ayırmanın geniş yayılmış problemidir. Bu onun yediyi yeməkləri sevmədiyinə görə yox, necə yeməli olduğunu öyrənməyə davam etdiyi üçün ola bilər. Bir neçə dəfə cəhd etdikdən sonra hələ də yediyi qidanı udmaqda çətinlik çəkirsə, ola bilər ki, ana südündən ayırmaya hələ hazır deyil, odur ki, bir və ya iki həftə sonra yenidən cəhd edin.1

Körpəm niyə bəzi yeməkləri qəbul etmir?

Əgər körpəniz ilk cəhdinizdə başını geri çəkirsə və müəyyən qidadan imtina edirsə, çox güman ki, bunu təəccübləndiyi üçün edir. Axı bu onun üçün yeni təcrübədir. Körpəniz fərqli vaxtda daddığı eyni qidaya fərqli reaksiya verə bilər, çünki artıq unutmuş ola bilər. Qətiyyətlilik ana südündən ayırmanın bu cür problemlərinin əsas açarıdır. Körpənizin müəyyən qidaları və ya dadları qəbul etməsi üçün 8-10 cəhdə ehtiyacı ola bilər, buna görə də ona yenidən bir neçə dəfə şans vermək lazımdır.

kameraya əl uzadan uşaq Körpəniz təxminən 8-10 aylıq olarkən qaşıq ilə qidalanmağı rədd etməyə başlaya bilər, amma bu, müstəqilliyini göstərməyə başladığı əsas mərhələdir.

Əgər bütün cəhdlər uğursuz olarsa, bir neçə günlüyünə köhnə qidalanma tərzinə qayıdın, şirin kartof və kök kimi yüngül dada malik tərəvəzləri, yaxud dad tumurcuqlarına toxunmaq üçün meyvələri püre halına gətirib verin.

Körpəm niyə əl ilə yeməyi xoşlamır?

Mütəxəssislər körpənizin əl-göz koordinasiyasının daha yaxşı inkişaf etdiyi və sərbəst şəkildə qidaları götürüb ağzına qoya bildiyi dövrdən, yəni 6 aylığından etibarən əl ilə yeyilən qidaları verməyinizi tövsiyə edir.

Banan və ya avokado dilimləri kimi yumşaq qidalarla başlayın və körpənizin hazır olduğunu görəndə tədricən daha bərk qidalara keçin. Körpənizin qidaları daha yaxşı tuta bilməsi üçün onları balaca barmağınız böyüklüyündə dilimləyin.

Əvvəlcə körpəniz bu cür qidalardan az miqdarda yeyəcək, çünki o, hələ də qidalanmasının böyük əksəriyyətini ana südü və ya körpə üçün südlü qatışıqdan alır. Bu, problem deyil – sadəcə ana südündən ayırma dövrünün bir hissəsi olaraq əl ilə yeyilən qidaları təklif etməyə davam edin, onu təşviq etmək üçün yemək vaxtı ailəlikcə birlikdə oturun. Körpəniz sizi təqlid etməklə öyrənir, buna görə də o sizi əl ilə yemək yeyərkən görsə, böyük ehtimalla eyni şeyi edəcək.

Körpəmin qatı qida yeyərkən öyüməyindən narahat olmalıyammı?

Öyümək körpənizin boğulmasının qarşısını almaq üçün normal bir refleksdir və bu baş verdikdə həyəcanlanmamağa çalışın. Qaşığa həddən artıq çox yemək qoymadığınızı və ya körpənizin qaşığı ağzının içinə çox daxil etmədiyini yoxlayın.

Bəzən körpələr yumşaq püredən nahamar teksturalı qidalara keçən zaman çətinlik çəkə bilərlər. Körpənizin bu cür qidalara öyrəşməsi bir qədər vaxt ala bilər, buna görə də ana südündən ayırma probleminin qarşısını almaq üçün qidaları onlara yavaş-yavaş tanıdın. Yumşaq püredən əzilmiş, kiçik qida tikələrinə, sonra isə daha böyük tikəli qidalara keçin. Körpənizin inkişafının erkən mərhələsində yeni və müxtəlif teksturalı qidaları yoxlamaq ana südündən ayırma prosesi irəlilədikcə qidaları rədd etmə ehtimalını aşağı salır.

Əgər körpəniz öyüyərsə, həddən artıq reaksiya verməməyə və ya onu yemək stulundan qaldırmamağa çalışın. Müxtəlif təsəlliverici sözlərdən və rahatladıcı bədən dilindən istifadə edin. Analar çox vaxt öyümə ilə boğulmanı səhv salırlar, əslində isə boğulma ehtimalı çox azdır. Əgər narahat olursunuzsa, həkiminizlə və ya tibb mütəxəssisi ilə danışın, onlar sizə hansı əlamətlərə diqqət etməli olduğunuzu və ilk yardımın nə vaxt ediləcəyini deyəcəklər.

Körpənizin yediyi yeməklərdən zövq almasına kömək etdiyi və normadan çox yeməsinin qarşısını aldığı üçün yavaş-yavaş yemək çox yaxşı bir vərdişdir.

Körpəm niyə heç nə yemir?

Ana südündən ayırmanın ilk bir neçə həftəsində körpənizin qaşığın ucundan az miqdarda yemək götürməsi normaldır. Bu mərhələ körpənizin ağzındakı yemək hissinə öyrəşməsi ilə əlaqəlidir.

Körpəniz böyüdükcə qəbul etdiyi qida da artır, lakin onun mədəsinin böyük insanın mədəsindən daha kiçik olduğunu unutmayın. 3 aylıq körpənin mədəsi böyük insanın mədəsindən təxminən 10 dəfə, 1 yaşında uşağın mədəsi isə təxminən 4 dəfə daha balacadır. Onların qəbul etdiyi porsiyalar da bu fərqi əks etdirməlidir.

Unutmayın ki, körpəniz əsas qidasını hələ də ana südü və ya körpələr üçün südlü qatışıqdan almağa davam edəcək. Böyüməyə və çəki artırmağa davam etdiyi müddətdə narahat olmağınıza ehtiyac yoxdur.

Fərqli ləzzət və fərqli teksturalarda müxtəlif yeməklər təklif edin, körpəniz qidalardan imtina edərsə və ya sadəcə az miqdarda yeyərsə, məyusluğunuzu bildirməyin. Zaman keçdikcə qida qəbulu tədricən artacaq. Əgər narahat olursunuzsa, məsləhət almaq və əmin olmaq üçün həkiminizlə danışın.

Körpəm niyə qaşıqla yeməkdən imtina edir?

8 və 10-cu aylar arasında körpəniz qaşıq ilə yeməkdən imtina edə bilər. Bu yaş dövrü körpələrin özlərini daha yaxşı anladıqları dövrdür. Qaşıqdan imtina etmək onun öz müstəqilliyini göstərməyə çalışdığı növbəti bir mərhələdir.

Körpənizi yedizdirərkən özünü daha rahat hiss etməsi üçün onun da başqa bir qaşığı tutmasına icazə verin. Həmçinin qaşığına yemək qoya və özünün yeməsini təşviq edə bilərsiniz. Əgər bu işə yaramırsa, buxarda bişirilmiş tərəvəzlər, bişmiş ətlər və ya pendir kimi yumşaq, əl ilə yeyilə bilən qidaları verməyə çalışın.

Körpələr özlərini yaxşı hiss etmədikdə, diş çıxardıqda və ya yorğun olanda qaşıq ilə yeməkdən imtina edə bilərlər. Əgər hər hansı bir narahatlığınız varsa, həkiminizlə danışmağınız tövsiyə olunur.

  1. Nicklaus S. Children’s acceptance of new foods at weaning. Role of practices of weaning and of food sensory properties. Appetite 2011;57(3):812-5.

Son baxış: 21 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x